news

Görkəmli qəzəlxan şair Əliağa Vahidin xatirəsi anılmışdır

Mugam RadioFevralın 18-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə Əliağa Vahidin adını daşıyan bağda xatirə lövhəsi açılmış və ədibin anadan olmasının 118-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.

Tədbirdə “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğunun mətbuat katibi Rahib Azəri, qurumun əməkdaşı Şahin Verdiyev, “Vahid” ədəbi müstəqil şairlər məclisinin sədri hacı Rafiq Əliyev, “Məcməüş-şüəra” ədəbi məclisinin sədri, tarix elmləri doktoru, qəzəlxan şair Şahin Fazil və başqaları Əliağa Vahidin Azərbaycan ədəbiyyatının, xüsusilə qəzəl janrının inkişafındakı misilsiz xidmətlərindən danışmışlar.

Bildirilmişdir ki, Əliağa Vahid mollaxanada oxumağa başlamış, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoymuş, xarratlıq etmişdir. Gənc yaşlarında Bakıdakı “Məcməüş-şüəra” ədəbi məclisində iştirak etmiş, dövrünün görkəmli şairlərinin təsiri ilə lirik şeirlər yazmışdır. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı tənqid etmişdir. “Tamahın nəticəsi” adlı ilk kitabı nəşr olunmuşdur.

Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndələrindən biri kimi tanınmışdır. 

Vurğulanmışdır ki, şairin qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir və xanəndələrin repertuarında mühüm yer tutur. 

Tədbirdə Əliağa Vahidin adını daşıyan 293 nömrəli orta məktəbin şagirdlərinin ifasında şairin əsərləri səslənmişdir. (AzərTAc)

Bütün xəbərlər