news

Moskvada keçiriləcək vokalçıların Müslüm Maqomayev adına ikinci Beynəlxalq müsabiqəsinin vaxtı müəyyənləşmişdir

Mugam RadioOktyabrın 20-21-də Moskvanın “Krokus Siti Holl” səhnəsində vokalçıların Müslüm Maqomayev adına ikinci Beynəlxalq müsabiqəsi keçiriləcəkdir.

AzərTAc Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun saytına istinadla xəbər verir ki, müsabiqə dünya şöhrətli Azərbaycan müğənnisinin 70 illik yubileyinə həsr olunacaqdır. Fond tərəfindən təsis edilmiş müsabiqənin özünəməxsusluğu vokalçıların klassik janrla yanaşı, estrada sahəsində də qabiliyyət və bacarıqlarını göstərmələrində olacaqdır.

Aparıcı opera solistlərinin, populyar musiqi ulduzlarının, musiqi teatrları dirijorlarının, bəstəkarların daxil olacağı münsiflər heyətinə SSRİ Xalq Artisti, Böyük Teatrın solisti, professor Tamara Sinyavskaya rəhbərlik edəcəkdir. İki turda keçiriləcək müsabiqə Rusiya və digər xarici KİV-lər tərəfindən işıqlandırılacaqdır.

Müsabiqədə təşkilat komitəsinə ərizə, audio və videomaterial təqdim etmiş 18-35 yaş arasında musiqi təhsili olan peşəkar kişi və qadın müğənnilər və ya ali musiqi məktəblərinin və kolleclərinin tələbələri iştirak edə bilərlər. Ərizələr aprelin 15-dək qəbul olunacaqdır. (AzerTAc)

Bütün xəbərlər