news

Rusiyanın Yaroslavl şəhərində keçirilən təntənəli gecədə azərbaycanlı musiqiçi dirijorluq edəcəkdir

Mugam Radio2012-ci il fevralın 11-də Rusiyanın Yaroslavl şəhəri Dövlət Filarmoniyasının böyük zalında Azərbaycan musiqisinə həsr olunmuş təntənəli gecə keçiriləcəkdir. 

Tədbirdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, Toskanini adına dirijorların IX Beynəlxalq müsabiqəsinin Qran-Pri mükafatçısı Əyyub Quliyevun dirijorluğu ilə Yaroslavl Dövlət Filarmonik orkestri çıxış edəcəkdir. 

Konsertin əsas təşkilatçıları Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi, Azərbaycanın Rusiyadakı səfirliyi və Yaroslavl Dövlət Filarmoniyasıdır. Filarmonik orkestrin ifasında, ilk dəfə olaraq, dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Don Kixot” simfonik qravürləri və tanınmış müğənni və bəstəkar, professor Polad Bülbüloğlunun “Eşq və ölüm” baletindən fraqmentlər səsləndiriləcəkdir. 

Konsertdə dirijor Ə.Quliyevlə bərabər Moskva Dövlət Konservatoriyasının məzunu, beynəlxalq müsabiqələr laureatı, pianoçu Aleksandr Koryakin də çıxış edəcəkdir. Gənc pianoçu Edvard Qriqin fortepiano və orkestr üçün konsertini ifa edəcəkdir. 

Proqramın 2-ci bölməsində isə dünya simfonik musiqisinin ən parlaq və mürəkkəb əsərlərindən olan Hektor Berliozun “Fantastik simfoniya”sı ifa olunacaqdır. Qeyd etmək lazımdır ki, Əyyub Quliyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının və Vyana Dövlət Musiqi və İncəsənət Universitetinin məzunudur. 

Azərbaycan Respublikası Prezidentinin 1998-ci il Sərəncamı ilə Əyyub Quliyevin adı Azərbaycanın gənc istedadlarının «Qızıl kitabı»na daxil edilmişdir. 2006-2010-cu illərdə V.Lyutoslavski adına IV Beynəlxalq müsabiqədə I yerə, 2008-ci ilin noyabrında dirijorların IX Beynəlxalq müsabiqəsində (Afina) «Orkestrin xüsusi mükafatı»na, 2009-cu ilin sentyabrında Rumıniyada keçirilən “Krayova” Beynəlxalq müsabiqəsində I yerə və 2010-cu ilin oktyabrında isə Arturo Toskanini adına dirijorların IX Beynəlxalq müsabiqəsində Qran Pri mükafatına və Sinopoli mükafatına layiq görülmüşdür. 2008-ci ildə Əyyub Quliyevə Mədəniyyət Nazirliyinin “Zirvə” mükafatı təqdim olunmuşdur. (AzərTAc)

Bütün xəbərlər