Tar
Tar - mizrabla çalınan simli dartımlı musiqi alətidir. Azərbaycan tarı
özünəməxsus quruluşa , konstruksiyaya və bədii-texniki imkanlara
malikdir. Ümumiyyətlə,tar aləti bir çox ölkələrdə-İranda,Orta
Asiyada,Dağıstanda və b. Yerlərdə geniş yayılmışdır.
Lakin özəl cəhətlərə malik Azərbaycan tarı digər tar növlərindən,məsələn,İran tarindan xeyli fərqlənir. XIX əsrin II yarısı Azərbaycan musiqi sənətənin ən görkəmli nümayəndəsi sayılan Mirzə Sadıq Əsəd oğlu tar musiqi aləti üzərində rekonstruksiya aparmış,alətin konstruksiyasını elmi-akustik prinsiplər əsasında dəyişdirmişdir.
O, tarın səsini gücləndirmək üçün simlərinin
sayını artırmış; alətin qolunun yuxarısında (kəlləyə yaxın yerdə)
əlavə pərdə (zabul pərdəsi) bağlamış; tar ifaçılığı texnikasında “lal
barmaq” adlanan üsuldan geniş istifadə edilməsinə yol açmış; tarı diz
üstünə qoyub əyilərək çalmaq qaydasını aradan qaldırmış və tarı sinə
üstünə alıb çalmağı daha münasib,daha yararlı hesab etmişdir.
Müasir Azərbaycan tarı 11 simli,geniş səs diapazonuna və zəngin ifaçılıq imkanlarına malik alətdir. Milli musiqi ifaçılığında həm solo,həm də müşayiətçi alət kimi istifadə olunur. Muğam sənətində tar aparıcı alətdir. Azərbaycan bəstəkarlarının yaradıcılığında bu alətdən geniş istifadə olunur. “Tar” sözünün mənası “sim”deməkdir. Şərqdə bir sıra simli alətlərin adında rast gəlinir: dütar,setar,çahartar və s. Ərəb ölkələrində isə dəf alətini “tar” adlandırırlar.
