Azərbaycan Dövlət Muğam Teatrı
Azərbaycan Dövlət Muğam Teatrı (ADMT) – 1988 ci ildə yaradılmışdır. Teatrın bədii rəhbəri xalq artisti İslam Rzayev olmuşdur. Direktoru əməkdar incəsənət xadimi , “Şöhrət” ordenli Arif Qaziyev. Bu teatr Şərqdə yeganə professional Muğam Teatrıdır. Amerika,Kanada,Norveç,Suriya,Türkiyə,Almaniya və digər xarici ölkələrdə qastrol səfərlərində olmuşdur. Teatrın tərkibində Muğam studiyası və Muğam klubu fəaliyyət göstərir.
Azərbaycan Milli Konservatoriyası
Azərbaycan Milli Konservatoriyası (AMK) - milli musuqi sahəsində kadrlar hazırlayan ali məktəb. AMK-nın yaranması haqqında Azərbaycan Respublikası Prezidentinin iki fərmanı olmuşdur: 13 iyul 2000 il tarixli “Azərbaycan Milli Konservatoriyasının təsis edilməsi haqqında”; 10 avqust 2001 il tarixli “Azərbaycan Milli Konservatoriyasının maddi-texniki bazasının yaradılması haqqında “. Bu fərmanlara əsasən Bakı Musiqi Kolleci və Respublika İncəsənət Gimnaziyası AMK-nın tərkibinə daxil edilmişdir. AMK-da təhsil iki pilləlidir. Bakalavr və magistr pillələri üzrə “İfaçılıq” və “Tatix-nəzəriyyə” fakültələrində 200 dən artıq tələbə təhsil alır. “Xalq çalğı alətləri”,”Solo oxuma (xanəndə)”,”Xalq çalğı alətlərinin orkestrləşdirilməsi və dirijorluğu”,”Milli musiqinin tarixi və nəzəriyyəsi”,”İnstrumental muğam” və digər kafedralarda tar,kamança, qanun, balaban, zərb alətləri,xanəndəlik,dirijorluq,musiqişünaslıq ixtisasları üzrə ifaçı,tədqiqatçı və müəllim kadrlar hazırlanır. Burda həmçinin,”Milli musiqinin tədqiqi” və “Milli musiqi alətlərinin araşdırılması” adlı elmi laboratoriyalar fəaliyyət göstərir.
AMK-nın professor və müəllim heyəti görkəmli sənətkarlardan x.ç.a üzrə ifaçılardan,xanəndələrdən,dirijorlardan,musiqişünaslardan ibarətdir. AMK-nın rektoru xalq artisti,professor Səyavuş Kərimidir. Onun rəhbərliyi altında AMK çoxşaxəli fəaliyyət göstərən və respublikanın musiqi həyatında mühüm rol oynayan tədris ocağı kimi formalaşmışdır. AMK-nın müəllimləri və məzunları Azərbaycan muğam sənətini beynəlxalq aləmdə layiqincə təmsil edirlər,onların əksəriyyəti beynəlxalq və respublika müsabiqələrinin laureatlaridir. AMK Avropa Şurası və YUNESKO-nun himayəsində ELİA (Avropa İncəsənət Universitetləri Liqası) təşkilatının və Türkiyə Yüksək Öyrətim Kurumunun (YÖK) üzvüdür.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) - respublikada incəsənət və mədəniyyət sahəsində kadrlar hazırlayan ali məktəbdir. Azərbaycan hökumətinin 21mart 1923 cü il tarixli qərarı ilə Türk Teatr Texnikumu olaraq Bakıda təsis olunmuşdur. Rejissorluq,dram və opera şöbələrindən ibarət bu məktəbin ilk direktoru görkəmli Azərbaycan opera müğənnisi,pedaqoq və musiqi xadimi,SSRİ xalq artisti Şövkət Məmmədova olmuşdur. 1945 ci ilin avqust ayında bu məktəbin bazasında Azərbaycan Dövlət Teatr İnstitutu yaradıldı. 1954 cü ildə instiuta Mirzağa Əliyevin adı verilmişdir. 1968 ci ildən isə Azərbaycan Dövlət İncəsənət İnstitutu adı verilmişdir. 1991 ci ildən incəsənətin çoxprofilli ixtisasları nəzərə alınaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə çevrildi. 1987 ci ildən bu günə kimi universitetə əməkdar incəsənət xadimi,filologiya elmləri doktoru,professor Timuçin İlyas oğlu Əfəndiyev rəhbərlik edir.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası (ADF) - Azərbaycanın ən iri konsert teşkilatlarından biridir. 1936 cı ildə Üzeyir Hacıbəyovun rəhbərliyi altında yaradılmışdır. Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycanın Dövlət Mahnı və Rəqs Ansamblı (1938),Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri (1938), Q.Qarayev adına Kamera Orkestri (1964), Azərbaycan Dövlət Xor Kapellası (1966),Azərbaycan Xalq Çalğı Alətləri Orkestri (2000) və başqa kollektivlər fəaliyyət gostərir. Azərbaycanın bir çox muğam ustadları ADF-nın solistidir. ADF-da mütəmadi olaraq,muğam konsertləri keçirilir. Hal-hazırda ADF-na əməkdar artist Murad Adıgözəlzadə rəhbərlik edir.
Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrı
Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrı (ADOBT) - respublikanın ən böyük musiqi teatrı. Azərbaycan operasının tarixi 1908 ci il yanvarın 25 də Ü.Hacıbəyovun “Leyli və Məcnun” operasının ilk tamaşası ilə başlanır. Azərbaycan bəstəkarlarının bundan sonra yaranan bütün muğam operaları ADOBT-nın səhnəsində oynanılmış və “Leyli və Məcnun”,”Şah İsmayıl”,”Aşıq Qərib” kimi muğam operaları bu gün də səhnədədir. Fəaliyyəti dövründə ADOBT-da Azərbaycan və xarici ölkə bəstəkarlarının çox sayda opera və balet əsərləri səhnəyə qoyulmuşdur. Bir çox görkəmli müğənnilər bu səhnədə çıxış etmişdir. Azərbaycan muğam operalarının başlıca xüsusiyyəti burada bütün rolların xanəndələr tərəfindən ifa olunmasından ibarətdir.”Leyli və Məcnun” və digər muğam operalarının ərsəyə gəlməsində muğam ifaçılarının məharəti mühüm əhəmiyyətə malikdir. Bir çox xanəndələr ADOBT-nın solisti kimi bu gündə muğam operalarında uğurla çıxış edirlər. Səkinə İsmayılova,Səbuhi İbayev,Qəndab Quliyeva,Nəzakət Teymurova,Mənsum İbrahimov və başqaları teatrın solistidirlər. ADOBT-nın direktoru,əməkdar incəsənət xadimi Akif Məlikovdur.
Bakı Musiqi Akademiyası
Bakı Musiqi Akademiyası (BMA) - əvvəlki Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (ADK) – respublikanın ali musiqi təhsili məktəbi Azərbaycan hökümətinin 1921 ci il 26 avqust tarixli qərarı ilə təsis edilmişdir. ADK-nin yaradılmasında və inkişafında ,tədris prosesinin təşkilində,ümumiyyətlə , konservatoriyanın musiqi həyatında Ü.Hacıbəyovun (1939-1948 illərdə rektor) müstəsna rolu olmuşdur. ADK-da hələ ilk illərdən milli kadrların hazırlanmasına xüsusi diqqət verilmişdir. Bəstəkarlardan A.Zeynallı,S.Rüstəmov,pianoçulardan K.Səfərəliyeva,V.Kozlov,dirijor Ə.Həsənov,musiqişünaslardan X.Ağayeva və başqaları ADK-nın ilk məzunlarıdır. Yarandığı vaxtdan etibarən ADK-nın tədris prosesində ənənəvi Avropa musiqi təhsili sistemi ilə yanaşı,klassik milli musiqi irsinin öyrənilməsinə böyük diqqət verilmişdir. ADK-nın inkişaf mərhələlərində,müxtəlif ixtisaslar üzrə musiqiçi kadrların hazırlanmasında, xüsusilə Azərbaycan bəstəkarlarının yeni nəslinin yetişməsində,musiqi tədrisinin inkişafı prosesində Q.Qarayevin (1949-1952 illərdə rektor), C.Hacıyevin (1957-1969 illərdə rektor), K.Səfərəliyevanın,Ə.Abbasovun (1953-1957-ci illərdə rektor), E.Nəzirovanın,R.Atakişiyevin, Z.Bağırovun, M.İsmayılovun, B.Hüseynlinin,S.Ələsgərovun,C.Cahangirovun,S.Hacıbəyovun (1969-1974 cü illərdə rektor),F. və X. Qasımovaların, V.Adıgözəlovun və başqa mühüm xidmətləri vardır. 1949 cu ildən ADK Üzeyir Hacıbəyovun adını daşıyır. 1994-cü ildən Bakı Musiqi Akademiyası (BMA) adlanır. 2000 ci ildən “Xalq Çalğı Ansamblı” şöbəsi ayrılaraq, AMK-nın tərkibinə daxil olmuşdur.
Bakı Musiqi Kolleci
Bakı Musiqi Kolleci (BMK) - Asəf Zeynallı adına Orta İxtisas Musiqi Texnikimu- milli musiqiçi kadrları hazırlayan 4 illik orta ixtisas musiqi təhsili məktəbi. Əsası Tiflis və Moskva konservatoriyalarının məzunu olan A.N.Yermolayeva tərəfindən 1895-1896 tədris ilində şəxsi musiqi məktəbi kimi qoyulmuş, 1901 ci ildə Rus Musiqi Cəmiyyətinin Bakı şöbəsi nəznində fəaliyyət göstərmişdir; bunun əsasında 1916 cı ildə ilk musiqi texnikumu yaradıldı. Burada vokal,skripka,violonçel, və s alətlərdə çalmaq üzrə dərs keçirildi. İllər keçdikcə bura təhsil alanların sayı artmış,müəllim heyəti ixtisasçılarla zənginləşmişdir. 1953 cü ildə məktəbə Asəf Zeynallının adı verilmişdir. 1999-2000 tədris ilində Azərbaycan Respublikasının Təhsil Nazirliyinin əmri ilə Texnikum Bakı Musiqi Kolleci adlandırılmışdır. Bakı Musiqi kollecinə müxtəlif illərdə Ü.Hacıbəyov,S.Ələsgərov,V.Adıgözəlov,B.Mehdiyev və başqaları rəhbərlik etmişlər. Hal-hazırda BMK-nın direktoru əməkdar incəsənət xadimi, professor Nazim Kazımovdur. Bakı Musiqi Kollecində hazırda 1400 nəfərə yaxın tələbə təhsil alır, 400 nəfərdən artıq müəllim kollektivi çalışır. Bir çox muğam ustadları kollecin müəllimləridir.
Beynəlxalq Muğam Mərkəzi
Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı möhtəşəm layihələr sırasında xüsusi əhəmiyyəti olan bu mərkəzin inşası fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilmişdir. Belə bir mədəniyyət ocağının tikilməsi, muğamın daha da inkişaf etdirilməsi və təbliği üçün görkəmli xanəndələrin, muğam bilicilərinin iştirakı ilə “dəyirmi masa” keçirilmiş və Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması qərara alınmışdı. Bundan sonra 2005-ci il aprelin 6-da Prezident İlham Əliyev Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında sərəncam imzalamışdı. Beləliklə, xalqımızın qədim mədəni irsinin ölməz nümunəsi, Azərbaycan musiqisinin zəngin fəlsəfi təməl üzərində təşəkkül tapmasında əvəzsiz rol oynayan muğama möhtəşəm abidə ucaldılması istiqamətində ciddi addım atılmışdır. Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada YUNESKO-nun Dünya irs siyahısına daxil edilməsi isə bütövlükdə onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir.
2005-ci ilin avqustunda Prezident İlham Əliyevin və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın, YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın iştirakı ilə təməli qoyulmuş Beynəlxalq Muğam Mərkəzi ümumi sahəsi 7,5 min kvadratmetr olan üçmərtəbəli binadan ibarətdir. Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımi avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir. İnşaat işləri zamanı 2 mindən çox müxtəlif ölçülü şüşədən istifadə olunmuşdur.
Azərbaycan-YUNESKO əməkdaşlığının bəhrəsi olan Beynəlxalq Muğam Mərkəzində 350 yerlik konsert salonu, klub, 80 nəfərlik restoran, dərs otaqları, səsyazma studiyası vardır. Bina müasir havalandırma və istilik sistemləri ilə təchiz edilmişdir.
Bülbül adına Orta İxtisas Musiqi Məktəbi
“
Bülbül adına Orta İxtisas Musiqi Məktəbi” - Azərbaycan dövlət konservatoriyasının nəznində yarıdılmış onillik xüsusi musiqi məktəbi. Təməli Üzeyir Hacıbəyli tərəfindən qoyulan Bülbül adına Orta İxtisas musiqi məktəbi Azərbaycanın unikal tədris sisteminə malik tədris ocağıdır. 1931 ci ildə ADK-da 60 şagirddən ibarət olan uşaq musiqi qrupu təşkil edilir.
